QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Maştağa qəsəbəsində yaşayan Cəlal Axundov iki illik kreditlə aldığı avtomobilin onun xəbəri olmadan satışa çıxarıldığını bildirib. O, maşını yeddi aydır istifadə etdiyini deyir.
Axundovun sözlərinə görə, avtomobil üçün 2 min manat ilkin ödəniş edib və hər ay 375 manat ödəyir. O, satış elanından tanımadığı şəxslər vasitəsilə xəbər tutduğunu, elana görə bir neçə nəfərdən beh götürüldüyünü iddia edib.
Saxta elan üzrə beh verənlərdən biri Sirac Qayıbovdur. Elanın əlaqə nömrəsinə zəng etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı araşdırma aparıldığını və vəziyyətin nəzarətə götürüldüyünü bildirib.