QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Yasamal rayonunda İnşaatçılar prospektindən Bakıxanov küçəsi istiqamətində hərəkət edənlər üçün təhlükəli vəziyyət yaranıb.

Prospektdən gəlib sağa dönən avtomobillərə günün bütün saatlarında yaşıl işıq verilir. Lakin dönmə nöqtəsinin qarşısında piyada keçidi yerləşdiyindən sürücülər və piyadalar eyni vaxtda hərəkət üçün icazə alırlar. Hər iki tərəf üstünlüyün özündə olduğunu düşünür.

Piyadaları görən sürücülər toqquşmanın qarşısını almaq üçün qəfil əyləcləyir. Arxadan gələn maşınların vaxtında dayana bilməməsi isə qəza ehtimalını artırır. Sakinlər və sürücülər bildirirlər ki, xüsusilə axşam saatlarında bu ərazidə qəzalar olur.

Nəqliyyat eksperti Elməddin Muradlı piyada keçidinin quruluşu və yerləşdiyi məntəqənin təhlükə yaratdığını deyib. Onun sözlərinə görə, illərdir davam edən problem həll edilməyib: “Daimi yaşıl işıq sürücüləri piyadalarla qarşılaşdıqları zaman riskli vəziyyətə salır. Digər tərəfdən, piyadalar da yolu təhlükəsiz şəkildə keçməkdə çətinlik çəkirlər. Burada dəfələrlə qəza olub”.