QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planı həyata keçəcəyi təqdirdə vəzifələrə gətirməyi nəzərdə tutduğu şəxslərin siyahısı yayılıb.

Siyahıda baş nazir postuna Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun, vitse-prezident vəzifəsinə isə “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılovanın adı qeyd olunub.

Daxili işlər naziri kimi R. Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, DİN-in keçmiş əməkdaşı Levon Qurskaya göstərilib. DTX rəisi postu üçün Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevin, ədliyyə naziri vəzifəsi üçün isə sabiq deputat olan kürəkəni İlham Əliyevin adı yer alıb.

İqtisadiyyat naziri postuna Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasov, baş prokuror vəzifəsinə Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev təklif edilib. Prezident Administrasiyasının rəhbəri kimi qurumun sabiq şöbə müdiri Fatma Abdullazadə, PA-nın Ərazi İdarəetmə Şöbəsinin müdiri kimi isə keçmiş nəqliyyat naziri Ziya Məmmədov göstərilib.

Milli Məclisin sədri vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyliyə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu sabiq deputat Elton Məmmədova ayrılıb. Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə “Karat” Şirkətlər Qrupunun rəhbəri, keçmiş deputat Əsabil Qasımovun, elm və təhsil naziri postuna sabiq deputat Aqiyə Naxçıvanlının adı salınıb. Media və Yayım Şurasının sədri kimi isə keçmiş deputat Bəxtiyar Sadıqov göstərilib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilib. Sonuncu maddə Konstitusiyaya zidd şəkildə hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, eləcə də dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur.

Məhkəmə Ramiz Mehdiyevi 14 il azadlıqdan məhrum edib, lakin Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanın şərti icrasına qərar verib. Onun əmlakı dövlət nəfinə müsadirə olunub, təltiflərinin alınması ilə bağlı müraciət qəbul edilib.

Bundan sonra AMEA Ramiz Mehdiyevin “akademik” adından məhrum edilməsi barədə qərar verib.