QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirib.
Kollegiyanın inzibati binasında baş tutan tədbir 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunub.
Anar Bağırov Azərbaycan Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbənin ölkənin müasir tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun şücaəti, hərbçilərin fədakarlığı və xalqın birliyi sayəsində torpaqlar Ermənistanın təxminən 30 il davam edən işğalından azad edilib. Bunun nəticəsində ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasında mühüm nailiyyət əldə olunub. Bağırov qələbəni hərbi uğurla yanaşı, milli qürur və birliyin, eləcə də tarixi ədalətin təntənəsi kimi səciyyələndirib.
Kollegiya sədri 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərinin nəticəsində Azərbaycanın suverenliyinin bütün ərazidə bərpa edildiyini də vurğulayıb.
Bağırov işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, müasir infrastrukturun qurulması, yeni yaşayış məntəqələrinin yaradılması və keçmiş məcburi köçkünlərin geri dönüşü barədə danışıb.
Görüşdə müharibə iştirakçıları döyüş xatirələrini və həmin dövrlə bağlı təəssüratlarını bölüşüblər.
Vətən müharibəsində Vəkillər Kollegiyasının 14 üzvü iştirak edib. Onların hamısı xidmətlərinə görə müxtəlif medallarla təltif olunub.