QafqazNews Manset.az-a istinadən xəbər verir ki, tərkibində timokinon, vitaminlər və sağlam yağ turşuları olan çörəkotu immun sistemini dəstəkləyən təbii vasitə kimi təqdim edilir.
Bu toxumdan daha çox xəmir xörəklərinin üzərinə səpmək üçün istifadə olunsa da, səhərlər acqarına çeynəyərək qəbul edildikdə faydasının daha çox olduğu bildirilir.
Oyanan kimi bir çay qaşığı çörəkotu yemək qarında şişkinlik, həzm çətinliyi və qaz kimi narahatlıqları azaltmağa kömək edə bilər. Həmçinin mədə divarını qorumaqla həzm sisteminin fəaliyyətinin tənzimlənməsinə yardım edir.
Acqarına qəbulun gün ərzində qəfil aclıq hissini və şirniyyata meyli azaltmağa, maddələr mübadiləsini sürətləndirməyə və çəkinin idarə olunmasına dəstək verdiyi qeyd olunur.
Mütəxəssislər çörəkotunu bütöv udmaq əvəzinə yaxşı çeynəməyi və ya azca əzməyi tövsiyə edirlər. Xarici qabığın qırılması tərkibindəki faydalı yağların daha tez mənimsənilməsinə şərait yaradır. Toxumu ilıq suya və ya bir çay qaşığı bala qatıb qəbul etmək də mümkündür.
Gündəlik miqdar bir çay qaşığından artıq olmamalıdır. Hamilə və süd verən qadınlar, xroniki xəstəliyi olanlar, eləcə də müntəzəm dərman qəbul edənlər istifadəyə başlamazdan öncə həkimlə məsləhətləşməlidirlər.