QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan və Böyük Britaniya arasında 12 noyabr 2026-cı ildə Dublində imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələri yeni mərhələyə çıxarmağı nəzərdə tutur. Sənəd mövcud əməkdaşlıq sahələrini müəyyənləşdirməklə yanaşı, gələcək onilliklər üçün strateji istiqamətləri də əhatə edir.
Bəyannamə 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında birgə bəyannamələrə əsaslanır. Bu sənədlər tərəfdaşlığın otuz ildən artıq tarixə malik olduğunu və yeni razılaşmanın münasibətləri strateji səviyyədə davam etdirdiyini göstərir.
Tərəflər BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsiplərinə sadiqliklərini vurğulayıblar. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniyanın bu prinsipləri təsdiqləməsi Azərbaycan üçün siyasi əhəmiyyət daşıyır.
Sənəddə 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Zirvəsinin Bəyannaməsinə də önəm verilir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına yönələn sonrakı sülh addımlarının alqışlanması regiondakı sülh təşəbbüslərinə beynəlxalq dəstəyin ifadəsi kimi təqdim olunur. London ikitərəfli dialoq vasitəsilə davamlı sülhə nail olmaq istiqamətində hər iki ölkənin səylərini dəstəkləyir.
Bəyannamənin ilk bölməsi müdafiə və təhlükəsizlik əməkdaşlığını əhatə edir. Tərəflər regional sabitliyə töhfə vermək, ortaq təhdidlərin qarşısını almaq və onlara cavab vermək imkanlarını artırmaq niyyətlərini bildirirlər. Sənəddə yüksək səviyyəli təmasların davam etdirilməsi, birgə təlimlər, potensialın gücləndirilməsi və müdafiə sahəsində qarşılıqlı fəaliyyətin inkişafı nəzərdə tutulur. Müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması, eləcə də təhlükəsizlik, hüquq-mühafizə, sərhəd idarəçiliyi və hüquqi sahələrdə əlaqələrin genişləndirilməsi də planlara daxildir.
İqtisadi əməkdaşlığa ayrılan ikinci bölmədə ticarət və investisiyaların artırılması, davamlı və inklüziv iqtisadi inkişafın təşviqi əsas hədəflər kimi göstərilir. Bərpa olunan enerji, infrastruktur və xidmətlər daxil olmaqla prioritet sahələrdə uzunmüddətli biznes tərəfdaşlıqları, bilik mübadiləsi və şirkətlərarası əlaqələrin inkişafı nəzərdə tutulur. Bu əməkdaşlıq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, Böyük Britaniyanın isə Cənubi Qafqaz və Xəzər regionunda tərəfdaşlığını dərinləşdirməsinə xidmət edə bilər.
Bəyannamədə Orta Dəhlizin inkişafı ayrıca qeyd olunur. Tərəflər regional və beynəlxalq bağlantıların gücləndirilməsini, ticarət və investisiya axınlarını asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələrinin dəstəklənməsini vacib sayırlar. Britaniyanın Orta Dəhlizə dəstəyi Azərbaycanın tranzit imkanlarının möhkəmlənməsinə və marşrutun geosiyasi-iqtisadi əhəmiyyətinin artmasına şərait yarada bilər.
Təmiz enerji keçidi üzrə əməkdaşlıq da sənəddə yer alıb. Buraya iqlim dəyişikliklərinə davamlılığın artırılması, sıfır emissiya hədəflərinə doğru irəliləyiş, bərpa olunan enerji, yaşıl maliyyə və aşağı karbonlu texnologiyaların inkişafı daxildir.
Üçüncü bölmə təhsil, elm və innovasiyaya həsr edilib. Tərəflər bu sahələri uzunmüddətli rifah, məhsuldarlıq və sosial dayanıqlıq üçün vacib hesab edirlər. Ali və peşə təhsili, təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də dövlət sektorunda hazırlıq üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Universitetlər, tədqiqat institutları və sənaye qurumları arasında əlaqələrin təşviqi, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya sahələrində təcrübə mübadiləsi də sənədin istiqamətlərindəndir.
Bəyannamə iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı anlaşma və mədəni əlaqələrin inkişafına, həmçinin insanlararası mübadilələrə və peşəkar şəbəkələrə də yer ayırır.
Sənəd təhlükəsizlik, iqtisadiyyat və insan kapitalını tərəfdaşlığın əsas istiqamətləri kimi birləşdirir. Onun praktik nəticə verməsi üçün konkret yol xəritələri, birgə komissiyalar və layihələrlə dəstəklənməsi vacibdir. Bu halda razılaşma investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhliz və enerji sahəsində birgə təşəbbüslər üçün əsas rolunu oynaya bilər.