QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə bundan sonra iki hissədə keçiriləcək. Dəyişiklik Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində yer alıb.

Məcəllədə inzibati vəzifələrə qəbul müsabiqəsinin test imtahanı və müsahibədən təşkil olunduğu bildirilir. Müsahibədə iştirak üçün qeydiyyatdan keçən və vakansiyanın ümumi şərtlərinə, eləcə də vəzifə təlimatındakı tələblərə uyğun şəxslərin sayı beşdən çox olarsa, əvvəlcə birinci mərhələ təşkil ediləcək.

Bu mərhələnin vaxtı və keçiriləcəyi yer barədə məlumat müsahibəyə ən azı beş iş günü qalmış aidiyyəti dövlət orqanının rəsmi internet resursunda yayımlanacaq. Namizədlərin səriştələri vakansiyanın təlimatında göstərilən tələblər, qulluq funksiyaları və müsahibə proqramı əsasında qiymətləndiriləcək.

Birinci mərhələdə mümkün nəticənin azı 50 faizini toplayan namizədlərdən ən yüksək bal əldə etmiş beş nəfər növbəti mərhələyə keçəcək. Beşinci yerə bir neçə namizədin nəticəsi bərabər olduqda, verilən tapşırıqların prioritet sırası əsas götürüləcək və daha yüksək prioritetli tapşırıqda üstün nəticə göstərən şəxs seçiləcək. Tapşırıqların sıralamasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirəcək.

Tələblərə cavab verən və müsahibəyə qeydiyyatdan keçənlərin sayı beş və ya daha az olarsa, həmin şəxslər birbaşa ikinci mərhələdə iştirak edəcəklər. Bu mərhələ üçün aidiyyəti qurum və vakansiyanın olduğu dövlət orqanı üç üzvlü komissiya formalaşdıracaq. Komissiyada qurumun bir nümayəndəsi, dövlət orqanının bir təmsilçisi və müstəqil ekspert yer alacaq.

Birinci-üçüncü kateqoriyalı dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun postlar, həmçinin ikinci kateqoriya dövlət orqanlarında dördüncü təsnifata aid struktur bölmə rəhbərləri və həmin orqanın rəhbərinin müşavirləri, köməkçiləri ilə bağlı müsahibə komissiyası yalnız müvafiq dövlət orqanının nümayəndələrindən təşkil ediləcək.

Namizəd razılıq verdiyi halda, ikinci mərhələnin videoçəkilişi aparılacaq. Fərdi qaydada keçirilən müsahibə dövlət dilində ən azı 20 dəqiqə davam edəcək. Bu mərhələdə namizədin vakansiyanın tələblərinə, qulluq funksiyalarına və müsahibə proqramına uyğun səriştələri yoxlanılaraq vəzifəyə uyğunluğu müəyyənləşdiriləcək.

Müvafiq qurum müsahibənin hər iki mərhələsi üçün proqramların hazırlanmasında iştirak edəcək və onların təsdiqlənməsinə razılıq verəcək. Üzrlü səbəb göstərmədən müsabiqənin müsahibə mərhələsinə və ya daxili müsahibəyə qatılmayan şəxs həmin vakansiya üzrə cari müsabiqə çərçivəsində yenidən müsahibəyə buraxılmayacaq.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, müsabiqə test imtahanı və bir mərhələli müsahibədən ibarətdir. Müsahibəni vakansiyanın aid olduğu dövlət orqanı təşkil edir və bunun üçün üç nəfərlik komissiya yaradır. Komissiyada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun bir nümayəndəsi və bir müstəqil ekspert də olur. Komissiya üzvünün nəticələrə dair xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılmasına əsas verə bilər.

Qüvvədə olan qaydalarda daxili müsahibə də bir mərhələli nəzərdə tutulub. Birinci-yeddinci təsnifatlara uyğun vəzifələrin tutulması 1-5-ci kateqoriya dövlət orqanlarında, bəzi vəzifələr istisna olmaqla, rəhbərin qərarı ilə müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. Vakant yer yarandıqdan sonra dövlət orqanının rəhbəri bir ay ərzində müsabiqə, ümumi müsahibə və ya daxili müsahibə keçirilməsi barədə qərar verməlidir.