QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Dublində Ukrayna Prezidenti Volodimir Zelenskinin kortejindəki maşınlardan birinə yumurta atılıb.
Hadisə noyabrın 13-də, Zelenskinin Avropa Siyasi Birliyinin sammitində iştirakı zamanı baş verib. Ukrayna liderinin avtomobil karvanı paytaxt küçələrində hərəkət edərkən naməlum etirazçılar korteji yumurta atəşinə tutublar. Avtomobillərdən birinin üzəri çirklənib və maşın təyinat yerinə bu vəziyyətdə çatıb.
Hadisə barədə ilk məlumatı Sky News-un İrlandiya üzrə müxbiri Stiven Merfi yayıb. O, sosial şəbəkə hesabında kortej avtomobilinin yumurta izləri ilə təyinat məntəqəsinə çatdığını yazıb.
Sammitə görə İrlandiyada indiyədək keçirilmiş ən böyük təhlükəsizlik əməliyyatlarından biri təşkil edilsə də, etirazçılar kortejə yaxınlaşıb yumurta atmağa nail olublar.
Zelenski Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak etmək üçün Dublinə səfər edib. Səfər çərçivəsində Ukrayna məsələsinin müzakirəsi üçün ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə görüşlər də nəzərdə tutulub.