QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ-də keçirilən aralıq seçkilərdə Prezident Donald Trampın tərəfdarları ağır məğlubiyyətə uğrayıb və o, qanunverici orqana nəzarəti itirir.
Bundan az əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun partiyası seçkidə qalib gəlsə də, hökuməti öz tərəfdarları ilə formalaşdırmaq üçün yetərli dəstək qazana bilməyib. Seçkilərin nəticələri Tramp və Netanyahunun mövqelərini zəiflədə, reytinqlərinin aşağı düşməsinə səbəb ola bilər.
Bu vəziyyətdən çıxmaq və nüfuzlarını bərpa etmək üçün hər iki liderin müxtəlif addımlar atacağı gözlənilir. Ehtimallardan biri İrana qarşı daha genişmiqyaslı və nəticəli hərbi əməliyyatların başlanmasıdır.
Siyasi şərhçi Azər Qasımov bildirib ki, rəqibləri ABŞ və İsraildəki seçkiləri Tramp və Netanyahunun məğlubiyyəti kimi təqdim etsələr də, hər iki lider hakimiyyətdə qalır.
“Trampın partiyası respublikaçılar Konqresdə üstünlüyü itirdilər. Netanyahu da kabinet formalaşdırmaq üçün yetərli yer ala bilməyib. Amma reallıqda həm Netanyahu, həm də Tramp hakimiyyətdədirlər. Uduzan Trampın partiyasıdır. Nəzəri olaraq Trampın iki ili var. Netanyahu da qeyd edib ki, ona iki il bəsdir. Ən azı kabinetin yenidən formalaşdırılması və ya yeni seçkilərə qədər Netanyahunun iki aydan çox vaxtı var. Amma bu o demək deyildir ki, yeni seçkilər olsa Netanyahu məğlub olacaq. Əksinə onda şansları daha çox olacaq və indiki hal ilk dəfə deyil ki, baş verir”, – Qasımov deyib.
Şərhçinin fikrincə, Tramp və Netanyahu İrana qarşı yeni hücum planını əvvəlcədən hazırlayıblar. O bildirib ki, Tramp Konqresin razılığı olmadan təxminən iki ay müharibə apara bilər və əvvəlki əməliyyat zamanı bu imkandan istifadə edilərək İran xeyli zəiflədilib.
Qasımov İrana qarşı yenidən hərbi əməliyyat ehtimalını istisna etməyib və bu dəfə ölkənin daha ağır məğlubiyyətlə üzləşə biləcəyini deyib. Onun sözlərinə görə, nüvə silahından, yaxud ona bərabər dağıntı törədən bombadan istifadə məsələsinin gündəmdə olması ABŞ və İsrailin vəziyyəti qısa zamanda həll etmək niyyətinə işarədir.