QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədr müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
1986-cı ildə anadan olan Ələkbərov 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr təhsili alıb. Universiteti fərqlənmə diplomu ilə başa vurub. 2017-ci ildə İsveçrədəki IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsi qazanıb, 2020-ci ildə isə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2004-cü ildə “Unibank” KB-da başlayan Zaur Ələkbərov bankın beynəlxalq əlaqələr və xəzinədarlıq sahələrində işləyib. 2009–2015-ci illərdə “Bank Respublika” ASC-də filial direktoru və başqa rəhbər vəzifələr tutub.
O, 2016–2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Korporativ Biznes Departamentində direktor müavini, 2018–2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri olub.
Ələkbərov 2024-cü il fevralın 28-də Prezidentin sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdi. Ailəlidir, iki övladı var.
Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.