QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev borc tələbinin qiymətli kağızlara yönəldilməsi ilə bağlı qanunu təsdiqləyib.
Dəyişiklik borc öhdəliklərinin icrası zamanı tətbiq olunan tədbirlərin əhatəsini genişləndirir. Əvvəllər icra məmurları əsasən borclunun bank hesablarına, avtomobilinə və daşınmaz əmlakına həbs qoyurdular. Yeni qaydaya əsasən, borclunun sahib olduğu səhmlər, istiqrazlar və başqa maliyyə alətləri də müəyyən edilərək borcun tutulmasına yönəldilə bilər.
Qanunla icra prosesində rəqəmsal imkanlardan istifadə də nəzərdə tutulur. Borclunun sənədli və sənədsiz formada olan qiymətli kağızlarının “Elektron icra” informasiya sistemi vasitəsilə dərhal aşkarlanması, həmin aktivlərə həbs qoyulması və onların borcun ödənilməsinə yönəldilməsi mümkün olacaq. Mənbədə bu mexanizmin əmlakın və investisiyaların gizlədilməsi imkanlarını aradan qaldıracağı qeyd olunur.
Yeni qaydanın qərarların icrasını sürətləndirəcəyi bildirilir.