QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də ölkəmizə səfər edən Monteneqronun Baş naziri Miloyko Spayiçlə görüş keçirib.
Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin inkişafında müşahidə olunan müsbət dinamika qeyd edilib. Tərəflər son dövrdə qarşılıqlı faydalı əməkdaşlığın istiqamətlərinin artmasını məmnunluqla qarşılayıblar.
Əli Əsədov və Miloyko Spayiç ticarət-iqtisadi əlaqələrin imkanlarından daha yaxşı yararlanmağın vacibliyinə diqqət çəkib, qarşılıqlı sərmayələr üzrə müsbət nəticələri yüksək qiymətləndiriblər.
Humanitar sahədə tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Turizm, mədəniyyət və təhsil üzrə mübadilələrin genişləndirilməsinə hər iki tərəfin maraq göstərdiyi bildirilib.
Görüşdə Azərbaycan-Monteneqro əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirəyə çıxarılıb.