QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Avropa Ravvinləri Konfransının Daimi Komitəsinin iclası noyabrın 22-dən 24-dək Fransanın Strasburq şəhərində keçirilib. Toplantıda Avropanın müxtəlif ölkələrindən ravvinlər iştirak ediblər.

Konfransın ali rəhbər orqanı sayılan Daimi Komitə təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, strateji qərarların qəbulunda və gələcək planlarının hazırlanmasında rol oynayır.

Bakı Sefarad Yəhudiləri Dini İcmasının rəhbəri, ravvin Zamir İsayev komitənin üzvü kimi toplantıda Azərbaycanı təmsil edib. O, ilk günə dair paylaşımında Avropa yəhudi icmalarının aktual problemləri, dini irsin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu bildirib.

İsayev Daimi Komitədə ölkəni təmsil etməyin onun üçün həm şərəf, həm də məsuliyyət olduğunu qeyd edib. Onun sözlərinə görə, bu toplantıda iştirak Azərbaycanın multikulturalizm və dini dözümlülük ənənələrini beynəlxalq auditoriyaya çatdırmaq üçün də əhəmiyyətlidir.

İclasın ikinci günündə müzakirələr Avropa Parlamentinin Strasburqdakı binasında davam etdirilib. Ravvinlərlə yanaşı, Avropa Parlamentindən və digər Avropa qurumlarından yüksək vəzifəli şəxslər də tədbirə qatılıblar.

Görüşlər zamanı yəhudi icmalarının fəaliyyəti, dini azadlıqların müdafiəsi, antisemitizmlə mübarizə və dinlərarası dialoqun təşviqi müzakirə edilib. İsayev ikinci günlə bağlı paylaşımında bu cür görüşlərin icmalararası əməkdaşlığı möhkəmləndirdiyini və Azərbaycanın dini tolerantlıq təcrübəsini tanıtmağa imkan verdiyini vurğulayıb.

Konfrans çərçivəsində Zamir İsayev İsrailin Baş Sefarad Ravvini, Rişon LeTsion David Yoseflə də görüşüb. İsayev söhbəti dəyərli təcrübə kimi dəyərləndirib və bildirib: “Yəhudi dünyasının nüfuzlu dini liderlərindən biri olan Rav David Yoseflə fikir mübadiləsi aparmaq mənim üçün olduqca xoş və dəyərli idi”.

O, səmimi söhbətə və göstərilən diqqətə görə David Yosefə təşəkkür edib. İsayevin fikrincə, belə təmaslar Azərbaycan yəhudi icmasının beynəlxalq dini əlaqələrinin möhkəmlənməsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.