QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İran Ermənistanın Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin icrası ilə bağlı verdiyi təminatlara güvənməyəcək və layihənin gedişini diqqətlə izləyəcək. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai deyib.
Bəqai bildirib ki, Tehran başqa tərəflərin vədləri və zəmanətləri ilə də kifayətlənməyəcək. Onun sözlərinə görə, məsələ yalnız Xarici İşlər Nazirliyinin səlahiyyətinə aid deyil, milli əhəmiyyət daşıyır. Ölkənin əlaqədar qurumları vəziyyəti izləyir və zərurət yaranarsa müvafiq addımlar atacaq.
XİN sözçüsü vurğulayıb ki, İranın əsas mövqeyi dəyişməyib. Tehran Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsini və nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyir. Bununla yanaşı, qonşu və region ölkələrinin maraqlarının nəzərə alınmasını, geosiyasi düzənin dəyişdirilməməsini vacib sayır.
Bəqai əlavə edib ki, regional təhlükəsizliyə xələl gətirə, sabitliyi poza və İranın region ölkələri ilə mehriban qonşuluq münasibətlərinə mənfi təsir göstərə biləcək üçüncü tərəflərin müdaxiləsinin qarşısını almaq xüsusi əhəmiyyət daşıyır.