QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada baş tutan görüş və iki ölkə arasındakı əlaqələr barədə açıqlama verib.
Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərdən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti noyabrın 9-da yayımlanıb. O, iki ölkə arasında fikir ayrılığı yaratmağa çalışanların cəhdlərinin nəticə verməyəcəyini bildirib.
“İlham Əliyev qardaşımla səmimi şəkildə qucaqlaşdıq, həsrətimizi aradan qaldırdıq. Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale ortaqlığı və qardaşlıq münasibətləri mövcuddur”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti iki dövlətin “Bir millət, iki dövlət” prinsipi ilə fəaliyyət göstərdiyini xatırladıb. Onun sözlərinə görə, Türkiyə Azərbaycan və digər qardaş ölkələrlə birgə türkün səsini bölgədə və dünyada daha güclü çatdırmaq, ortaq firavan gələcək qurmaq niyyətindədir.
Ərdoğan xalqları bir-birindən uzaqlaşdırmağa çalışanların aradakı sevgi, tarixi bağlar və möhkəm iradəni nəzərə almadığını vurğulayıb. O, Türkiyə ilə Azərbaycanın regionda sülhün, sabitliyin və rifahın təmin olunması üçün bundan sonra da birgə çalışacağını deyib.
Əməkdaşlığın enerji, nəqliyyat və infrastruktur üzrə iri layihələrlə genişləndirildiyini bildirən Ərdoğan, Şuşaya səfəri zamanı Qarabağda görülən quruculuq işləri ilə tanış olduğunu qeyd edib. O, Azərbaycanın inkişafına dəstəyin davam etdiriləcəyini açıqlayıb.