QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “60 Dəqiqə” proqramına müsahibəsində Respublikaçıların seçkilərdəki son uğursuzluqlarından, immiqrasiya siyasətindən, mümkün varislərindən və şəxsi biznesi ətrafındakı qalmaqallardan danışıb.
Tramp sənədsiz immiqrantların kütləvi şəkildə saxlanılması və deportasiyasına yönələn tədbirlərin ictimai narazılıq yaratdığını ilk dəfə açıq etiraf edib. On ildən çoxdur ABŞ-də yaşayan və ağır cinayətlər törətməyən şəxslərə qarşı tədbirləri həddindən artıq sərt hesab etdiyini bildirib. O, bu siyasəti “çox sərt” adlandırıb. Bununla yanaşı, sərt immiqrasiya xəttinin müəllifi Stiven Millerin aparat rəhbəri vəzifəsinə gətirilməsinin administrasiyanın mövqeyinə necə təsir edəcəyi bəlli deyil.
ABŞ lideri siyasi rəqiblərini bağışlamaq istəmədiyini də deyib. Tramp onlardan bəzilərinə nifrət etdiyini vurğulayaraq bildirib: “Düşünürəm ki, onlar çox pis insanlardır. Bəzi düşmənlərimdən, həqiqətən, nifrət edirəm və həmişə belə olacaq. Bağışlamaqdansa, cəhənnəmə getməyi üstün tuturam”.
Vitse-prezident Ceyms Devid Vensin İran əməliyyatı ilə bağlı tənqidi açıqlamasından danışan Tramp onun cavablarından tam razı qalmadığını söyləyib. O, gələcək prezident seçkisində Vensi mütləq dəstəkləyəcəyinə dair söz verməyib. Tramp Dövlət Katibi Marko Rubionu və bir neçə uğurlu senatoru mümkün namizədlər sırasında çəkərək varis məsələsini açıq saxlayıb.