QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Dragan Vladisavljeviç Azərbaycanla Serbiya arasında dostluq və əməkdaşlığın inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Dragan Vladisavljeviç 1962-ci il iyunun 15-də Serbiyanın Lapovo şəhərində dünyaya gəlib. O, Mostar Hərbi Aviasiya Məktəbində təhsil aldıqdan sonra 1985-ci ildə Zadar Hərbi Aviasiya Akademiyasını pilot ixtisası üzrə bitirib. 1996-cı ildə Belqradda Baş Qərargah Məktəbini, 2002-ci ildə isə Baş Qərargah kurslarını tamamlayıb. 2010-cu ildə ona briqada generalı rütbəsi verilib.
Vladisavljeviç Serbiya Silahlı Qüvvələrinin Batajnitsa hərbi aerodromunda pilot, qırıcı eskadrilya komandirinin müavini və aviasiya alayı komandirinin köməkçisi vəzifələrində çalışıb. Serbiya Hərbi Akademiyasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə fakültəsində taktika bölməsinin professoru olub.
2004-cü ildə Serbiya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində baş zabit kimi fəaliyyət göstərib. 2004-2005-ci illərdə Analitika və Qiymətləndirmə şöbəsinə rəhbərlik edib.
2005-2009-cu illərdə Serbiyanın Türkiyədə hərbi attaşesi vəzifəsini daşıyıb. 2009-cu ildə Serbiya Hərbi Kəşfiyyat İdarəsinin Situasiya Mərkəzinə rəhbər təyin edilib. Sonrakı mərhələdə qurumun direktor müavini, 2012-2014-cü illərdə isə direktoru olub. 2014-cü ildə hərbi xidmətdən təqaüdə çıxıb.
2015-2021-ci illərdə Serbiya hökumətində Kosovo üzrə müvəqqəti özünüidarəetmə institutları ilə danışıqları aparan şöbəyə rəhbərlik edib.
Vladisavljeviç Serbiyanın “Hərbi kuryer” nəşrində bir neçə məqalə yazıb və 2003-cü ildə ilin müəllifi seçilib. Həmçinin Hərbi Hava Qüvvələrinin zabitləri üçün tədris vəsaitləri hazırlayıb.
O, 2021-ci il mayın 3-dən Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir. Vladisavljeviç ingilis, rus və türk dillərində danışır.