QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərindən olan Kamran İbrahimov 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşüb. O, noyabrın 8-də Şuşada yaralanıb, Qələbə xəbərini isə müalicə aldığı xəstəxanada eşidib.

İbrahimov döyüş yolunun Xocavənd rayonunun Hadrut qəsəbəsindən başladığını deyib. O, Qarabağın bir bölgəsində sancmaq niyyəti ilə bayrağı çantasına qoyduğunu, daha sonra həmin bayrağı Hadrut yaxınlığındakı yüksəkliklərdən birinə sancdığını bildirib. Hərbçinin sözlərinə görə, həmin yüksəkliyin ələ keçirilməsi Azərbaycan Ordusunun texnikalarının Hadruta daxil olmasına imkan yaradıb.

Kamran İbrahimov Şuşada Azərbaycan bayrağını parlament binasına sancarkən düşmənin hava hücumu vasitələrindən istifadə etdiyini söyləyib. Ətrafın toz-torpağa büründüyünü bildirən qazi, raketlərdən birinin yaxınlığında partladığını və zərbə dalğasının onu Şuşa qalasına çırpdığını qeyd edib.

O, noyabrın 8-də yaralandıqdan sonra ertəsi gün Füzuli xəstəxanasında gözlərini açıb. Prezidentin Azərbaycan xalqını təbrik etməsindən sonra həkim palataya gələrək xəstələri oyadıb və Ordunun qələbə qazandığını bildirib. İbrahimov həmin xəbəri eşidəndə keçirdiyi hissləri sözlə ifadə etməyin çətin olduğunu deyib.