QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, media şirkətinin rəhbəri Səməndər Niftəliyev sosial şəbəkələrdə bəzi geyim mağazalarının reklamlarında qadın bədəninin ön plana çıxarılmasını tənqid edib.

O qeyd edib ki, bu reklamların bir qisminə baxanlarda mağazada geyim, yoxsa qadın bədəni nümayiş etdirildiyi barədə sual yaranır. Niftəliyevin fikrincə, məhsulun keyfiyyəti, modeli və qiyməti arxa plana keçir, diqqət isə reklamı təqdim edən qadının bədəninə və açıq sinə dekoltesinə yönəlir.

Müəllif estetik əməliyyatlarla böyüdülmüş bədən nahiyələrinin də diqqət cəlb etmək üçün qabardıldığını bildirib. O, geyim satışı üçün qadın bədəninin nümayişinin zəruri olub-olmadığını sual edib.

Niftəliyevin diqqət çəkdiyi məqamlardan biri belə görüntüləri sosial şəbəkələrdə çoxsaylı yeniyetmə və azyaşlıların da izləməsidir. O, reklam adı ilə təqdim olunan bu görüntülərin gələcəkdə gənc nəslin düşüncəsinə və gözəllik anlayışına təsiri barədə sual qaldırıb.

Müəllif vurğulayıb ki, müzakirə geyim azadlığı deyil, qadın bədəninin kommersiya məqsədləri üçün reklam alətinə çevrilməsidir. O, satış və baxış sayını artırmaq naminə cəmiyyətin mənəvi dəyərlərinə zərər vurulması riskindən yazıb.

Niftəliyev Azərbaycan cəmiyyətinin ailə və mənəvi dəyərlərinə diqqət çəkərək, müasirlik adı altında hər şeyin reklama çevrilməsinin nə inkişaf, nə də peşəkarlıq sayıla biləcəyini qeyd edib. Yazıda geyim satmaq üçün bədən nümayişinə ehtiyac duyan reklam yanaşmasının cəmiyyəti hansı istiqamətə apardığı sualı açıq saxlanılıb.