QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İordan çayının qərb sahilindəki Hebron şəhərində toyda dəvəyə içki içirtməyə cəhd edən bəy və üç qonaq polis tərəfindən saxlanılıb.
İsrailin “Yediot Ahronot” nəşrinin məlumatına görə, hadisə mərasim zamanı lentə alınan və sosial şəbəkələrdə yayılan görüntülərdən sonra üzə çıxıb. Videoda kişilərdən birinin dəvənin ağzına enerji içkisi tökdüyü, heyvanın isə mayeni qəbul etməyərək geri qaytarmağa çalışdığı görünür. Kadrlarda başqa bir şəxsin dəvəni çubuqla vurduğu da qeydə alınıb.
Görüntülər sosial şəbəkə istifadəçilərinin, xüsusilə dəvəni mədəni və tayfa kimliklərinin rəmzi sayan Negev səhrası bədəviləri və fələstinlilərin etirazına səbəb olub.
Polis hadisə ilə bağlı 26 və 27 yaşlı iki qardaşı, həmçinin 53 və 59 yaşlı iki nəfəri saxlayıb. Dörd şəxs ifadə vermək üçün polis bölməsinə aparılıb.
Heyvanlarla bu cür rəftarla bağlı oxşar hadisə 2018-ci ildə ABŞ-da da baş verib. İki gənc timsahı tutaraq ona pivə içirdib, daha sonra su hövzəsinə buraxıb. Onlar heyvanlarla qəddar davranmaqda ittiham olunmuşdu.