QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, deputat Vasif Qafarov heyvandarlıq subsidiyalarından yararlanmaq üçün müəyyən edilmiş heyvan sayı və örüş sahəsi tələblərinin yenidən nəzərdən keçirilməsini təklif edib.

O, təklifini Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputatın fikrincə, iribuynuzlu heyvandarlıq üzrə subsidiya almaq üçün tələb olunan 50 baş cins və ya 100 baş mələz heyvan şərti ləğv edilməli, əvəzinə kəndliləri təşviq edən pilləli ödəniş sistemi tətbiq olunmalıdır. Bu modelə əsasən, 10 başadək cins heyvanı olan fermerə hər heyvana görə 300 manat, 10-30 başı olana 500 manat, 30 başdan çox heyvanı olana isə 1000 manat ödənilməsi təklif edilir.

V.Qafarov bildirib ki, belə bir mexanizm bütün cins iribuynuzlu heyvandarlıqla məşğul olan fermerlərin subsidiyaya çıxışını təmin edə və sağlam rəqabət şəraiti yarada bilər. O, xırdabuynuzlu heyvandarlıqda subsidiya üçün nəzərdə tutulan 100 hektar örüş tələbinin aradan qaldırılmasını, 500 baş heyvan şərtinin isə real göstəricilərə uyğun olaraq ən azı 10-20 başadək azaldılmasını da təklif edib.

Deputatın sözlərinə görə, intensiv cins iribuynuzlu heyvandarlığı təşviq etmək üçün heyvan başına 500-1500 manat arasında dəstək mexanizmi elan edilsə də, fermerlərdən minimum 50 baş cins və ya 100 baş mələz heyvan tələb olunur. Xırdabuynuzlu heyvandarlıqda isə 4 manat subsidiya almaq üçün ən azı 500 heyvan və 100 hektar örüş-otlaq sahəsi şərti qoyulub.

Qafarov bu tələblərin kiçik və orta kəndli təsərrüfatlarını dövlət dəstəyindən kənarda saxladığını bildirib. Onun qənaətinə görə, dəstək əsasən iri aqroparklara və böyük biznesə yönəlir, halbuki yardımdan ən çox ehtiyacı olan kəndlilər yararlanmalıdır. Deputat bunu yanlış və ədalətsiz yanaşma adlandıraraq, dövlət başçısının kəndlilərin kənddə qalmasını təşviq edən strateji xəttinə zidd olduğunu qeyd edib.