QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Hindistanın Caypur şəhərində 25 yaşlı mafiya lideri Vijay Bajiya küçədə balta ilə öldürülüb. Polis hadisə ilə bağlı dörd şübhəlini saxlayıb.
İlkin məlumatlara görə, hücum 2019-cu ildə qətlə yetirilmiş şəxsin övladları tərəfindən intiqam məqsədilə təşkil olunub. Polisin açıqlamasında hücumun illər əvvəl öldürülən Kailaşın qisasını almaq üçün əvvəlcədən planlaşdırıldığı bildirilib.
Beş min nəfərdən ibarət cinayətkar dəstəyə başçılıq edən Bajiya, əsasən yoxsul insanları döyməsi və həmin görüntüləri sosial şəbəkələrdə paylaşması ilə tanınırdı. Onun barəsində 15 cinayət işi açılmışdı; onlardan ikisi qətllə bağlı idi.
Bajiya tərəfindən idarə olunan avtomobilin nömrəsinin qəsdən “0302” seçildiyi qeyd olunur. Bu rəqəm Hindistanın əvvəlki cinayət məcəlləsində qətlə görə cəzanı müəyyən edən maddəyə işarə edir və insanlarda qorxu yaratmaq məqsədi daşıyırdı.
Hadisə zamanı pikap Bajiyanın “Toyota Fortuner” markalı avtomobilinə çırpılıb. Maşından düşərək qaçmağa çalışan Bajiya hücum edənlər tərəfindən küçədə yaxalanıb və balta ilə öldürülüb. Şahidlər hadisəni yaxınlıqdakı binaların damından mobil telefonla lentə alıblar.