QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda son günlər hava dəyişkənliyi müşahidə edilir. Leysan yağışından sonra sabah temperaturun 20 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Ekoloq Ənvər Əliyev bu fərqlərin səbəblərini açıqlayıb.
Əliyev bildirib ki, payızda və fəsillərarası keçid dövründə havanın tez-tez dəyişməsi normaldır. Bakıda müxtəlif istiqamətlərdən gələn hava axınları üstünlük təşkil etdiyi üçün qısa müddətdə fərqli hava şəraiti yaranır. Onun sözlərinə görə, paytaxt doqquz hava axınının təsiri altındadır.
Ekoloq şimaldan sərin hava, cənubdan isti kütlələr, qərbdən yağıntı gətirən axınlar, şərqdən isə dumanlı, tozlu və qumlu hava gəldiyini deyib. Cənub-şərqdən, İran istiqamətindən də hava axınları ölkəyə daxil olur. Buna görə hazırkı dəyişikliklərin təəccüblü olmadığını, oxşar şəraitin həm Bakıda, həm də rayonlarda müşahidə edildiyini vurğulayıb.
Ənvər Əliyev qeyd edib ki, son illərdə əvvəlki 30-40 illə müqayisədə yağıntıların miqdarında müəyyən artım var. O, bu tendensiyanı Xəzər dənizindəki dəyişikliklərlə də əlaqələndirib. Ekspert qarşıdakı 30-40 ildə dənizin səviyyəsinin yüksəlməsi və havadakı rütubətin artması ehtimalının olduğunu bildirib. Xəzərdə su səviyyəsinin dəyişməsinin tarixən də baş verdiyini əlavə edib.
Ekspert Azərbaycanın subtropik və mülayim iqlim qurşaqlarının təsirində yerləşməsinin hava şəraitinə təsir göstərdiyini deyib. Şimaldan gələn hava kütlələri mülayim, oksigenlə zəngin və nisbətən sərin olur, bəzən yağıntı da gətirir. Cənub və cənub-şərqdən gələn axınlar, xüsusən Xəzər istiqamətindən əsən küləklər rütubəti artırır. Tozlu hava kütlələri isə əsasən subtropik ərazilərdən gəlir.
Əliyevin sözlərinə görə, hazırkı yağıntılar əsasən qərbdən, Atlantik okeanı istiqamətindən gələn hava axınları ilə bağlıdır. Şimaldan gələn soyuq hava kütlələri də ümumi mənzərəyə təsir edir. Payızla qış arasındakı keçiddə belə dəyişkənlik normal sayılır, qışın əsas xüsusiyyətləri isə dekabrdan etibarən daha aydın hiss ediləcək.