QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Günü tədbirləri çərçivəsində Şöhrət Həsənova həsr olunmuş “Bir şəkil” sənədli filminin təqdimatı keçirilib. Tədbirə qurumun rəsmi şəxsləri və əməkdaşları qatılıblar.

Mərasimdə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Heydər Əliyevin dövlətçilik irsinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib. O, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin əsas prioritetlərindən sayıldığını, Birinci vitse-prezident Mehriban Əliyevanın da bu məsələlərə xüsusi həssaslıq göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Böyük Qayıdış proqramı ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli dönüşü davam edir; işğaldan azad edilmiş ərazilərdə indiyədək 50-yə yaxın yaşayış məntəqəsində daimi məskunlaşma təmin edilib.

Təqdimatda nümayiş olunan film Şöhrət Həsənovun həyatından və döyüş yolundan bəhs edir. O, Xocalının mühasirədə olduğu ağır dövrdə sakinlərin səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin nəşrinə mühüm töhfə verib. Ekran əsərində Həsənovun Xocalıda həm qələmlə, həm də silahla mübarizə apardığı göstərilir.

Filmin layihə rəhbəri Xuraman Osmanova, ideya müəllifi və rejissoru Nicat Cəlilov, ssenari müəllifi isə Orxan Aslandır.

Nümayişdən sonra Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və filmin ideya müəllifi, rejissor Nicat Cəlilov çıxış ediblər. Onlar ekran əsərinin əhəmiyyəti, hazırlanma mərhələləri və filmlə bağlı təəssüratlarını bölüşüblər.

Şöhrət Həsənov 1944-cü il dekabrın 23-də Xocalı rayonunda anadan olub. O, uzun müddət müxtəlif məsul vəzifələrdə çalışıb, Xocalı soyqırımı zamanı isə Rayon İcra Hakimiyyətində işləyib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin hücumu zamanı dinc sakinlərin xilas edilməsi üçün sonadək döyüşüb. Döyüşlərdə düşmən tərəfindən işgəncə ilə öldürülüb. Həsənovun məzarı Bakıdakı Şəhidlər Xiyabanındadır. Fədakar xidmətinə və şücaətinə görə o, “İgidliyə görə” medalı ilə təltif olunub.

Sənədli filmin ilk təqdimatı ötən həftə Nizami Kino Mərkəzində baş tutub. Tədbirdə şəhidin yaxınları, rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.