QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, evdə pul, zinət əşyaları və vacib sənədlərin gizlədildiyi bəzi adi yerlər oğruların ilk axtardığı nöqtələrdir. Mütəxəssislər qanunsuz müdaxilə zamanı nəzərdən keçirilən beş əsas məkanı sadalayıblar.
Yataq otağında komodun siyirmələri, çarpayının altı və qarderob rəfləri yoxlanılan yerlər arasındadır. Corabların və ayaqqabıların içi də oğruların nəzər saldığı ünvanlardandır.
Vanna otağındakı dərman dolabları da mümkün qiymətli əşyaların saxlanması ehtimalına görə axtarılır.
Mətbəxdə pulun peçenye qutusunda, ərzaq qablarında, un paketlərində və ya dondurucuda gizlədilməsi artıq təsirli üsul sayılmır.
Divara və ya döşəməyə bərkidilməyən kiçik seyflər asanlıqla yerindən çıxarılıb başqa yerdə açılmaq üçün aparıla bilər.
Şkafın küncündə və ya çarpayının altında saxlanılan səyahət çantaları və çamadanlar isə tez yoxlanılır, yaxud olduğu kimi götürülür.
Qiymətli əşyaların qorunması üçün onların divara və ya betona möhkəm bağlanmış stasionar seyflərdə saxlanılması tövsiyə olunur. Uzun müddət istifadə edilməyən dəyərli əşyalar üçün bankların fərdi seyflərindən yararlanmaq daha etibarlı seçimdir. Qapıların keyfiyyətini artırmaq, dözümlü kilidlərdən və həyəcan siqnalı sistemlərindən istifadə etməklə evin ümumi müdafiəsini gücləndirmək mümkündür.
Standart gizlətmə yerlərindən istifadə etməmək və peşəkar təhlükəsizlik sistemləri qurmaq mülkün qorunması üçün vacib addımlardır.