QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikində Mirziyoyev İlham Əliyevi və Azərbaycan xalqını bayram münasibətilə ürəkdən təbrik etdiyini, ən xoş arzularını çatdırmaqdan məmnunluq duyduğunu bildirib.
Özbəkistan Prezidenti qeyd edib ki, Əliyevin siyasəti, rəhbərlik bacarığı və ölkəsinin taleyi naminə fədakarlığı sayəsində Azərbaycan xalqının çoxəsrlik arzuları altı il əvvəl reallaşıb. Onun sözlərinə görə, bu, tarixi ədalətin bərpası və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnib.
Mirziyoyev Qələbənin əldə edilməsində Azərbaycanın siyasi, diplomatik və hərbi imkanlarının ümumi məqsəd naminə səfərbər olunmasını, eləcə də xalqın qəhrəmanlığını və dözümünü əsas amillər kimi göstərib. O, bayramın ölkənin sülh, sabitlik və davamlı inkişaf yolunda irəliləməsinə, gələcək nəsillərin vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda yetişməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Təbrikdə bu il Bakı, Daşkənd və Buxarada keçirilən görüşlər, danışıqlar və əldə edilən razılaşmaların ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb. Mirziyoyev Əbədi Dostluq haqqında Müqavilənin imzalanmasını ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqliyin yeni səviyyəyə qaldırılması üçün mühüm addım adlandırıb.
Özbəkistan Prezidenti birgə səylərlə qarşılıqlı faydalı və uzunmüddətli əlaqələrin xalqların rifahı naminə, mövcud potensiala uyğun şəkildə dərinləşəcəyinə inandığını bildirib. O, İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti və dövlət fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıb.