QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda rəsmi avtomobil salonları ilin sonuna yaxın endirim və kampaniyaların sayını artırır. Təkliflər, əsasən, sıfır kilometrlik avtomobillərə şamil edilir.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, rəsmi dilerlər il ərzində müxtəlif kampaniyalar həyata keçirirlər, lakin ilin sonuna doğru belə təkliflər daha çox olur.
O bildirib ki, “Black Friday” kampaniyaları ilə yanaşı, avtomobil markalarının müəyyən modellərinə xüsusi qiymətlər təklif olunur. Bəzi hallarda alıcılara sığorta, əlavə avadanlıq və başqa hədiyyələr də verilir. Kampaniyalar satışları artırmağa və müştərilərin yeni avtomobillərə marağını gücləndirməyə yönəlib.
Eyyub Əliyev qeyd edib ki, istehsalçılar ilin sonunda güzəştlər tətbiq edərək bu imkanları rəsmi nümayəndəlikləri, o cümlədən Azərbaycandakı idxalçılarla bölüşürlər. Yerli idxalçılar isə həmin güzəştlər əsasında endirimlər və müxtəlif kampaniyalar təşkil edirlər.
Onun sözlərinə görə, salonlardakı bu təkliflər yeni avtomobil almaq istəyənlər üçün nəzərdə tutulub və işlənmiş avtomobillərə aid deyil.