QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda bank kartları üzərindən rəqəmsal fırıldaqçılıq halları çoxalır. Bu ilin III rübündə ölkədaxili əməliyyatlarda 1,6 milyon manatdan artıq vəsait mənimsənilib. Belə əməliyyatların təqribən 98 faizi elektron ticarət və mobil tətbiqlər üzərindən həyata keçirilib.

Bank-maliyyə eksperti Əkrəm Həsənov bildirib ki, bu cür hadisələrin böyük hissəsində vətəndaşlar kart məlumatlarını aldadılaraq fırıldaqçılara verirlər. Dələduzlar müxtəlif zənglərdən və başqa aldatma üsullarından istifadə edir. Bəzi hallarda isə insanlar şübhəli internet saytlarında alış-veriş zamanı kart məlumatlarını paylaşırlar.

Həsənovun sözlərinə görə, kart məlumatlarını özü təqdim edən müştərinin üzləşdiyi zərərə görə bank məsuliyyət daşımaya bilər.

Ekspert bankın cavabdeh olduğu halların da mövcudluğunu qeyd edib. Müştəri məlumatlarını heç kimə açıqlamadığı halda hesabından pul çıxarılarsa, səbəb bankın informasiya təhlükəsizliyindəki çatışmazlıq, haker hücumu və ya əməkdaşların qanunsuz fəaliyyəti ola bilər.

Belə vəziyyətdə vətəndaş məhkəməyə müraciət edərək pulun bank tərəfindən qaytarılmasını tələb edə bilər. Kart məlumatlarını dələduzlara özü ötürən şəxs isə hüquq-mühafizə orqanlarına şikayət edə bilər. Bununla belə, Həsənov dələduzların çoxunun xaricdə olmasının onların kimliyini müəyyənləşdirməyi və tapmağı çətinləşdirdiyini bildirib.