QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan və İtaliya kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Sənədlər Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində imzalanıb və tərəflər arasında mübadilə olunub.
Forumda Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın “Leonardo S.p.A.” şirkəti yüksəkməhsuldarlıqlı hesablama sistemləri və süni intellekt üzrə əməkdaşlıq sənədi imzalayıb. “Cassa Depositi e Prestiti S.p.A.” ilə Azərbaycan Biznesin İnkişafı Fondu biznes və investisiya əməkdaşlığının inkişafına dair memorandum imzalayıb.
“Baku Steel Company” QSC, “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” yerli sənaye məhsullarının ixracının təşviqi, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə “FINCO” isə tikinti və tikinti materialları sənayesində əməkdaşlığın genişləndirilməsi barədə sənədləşmə aparıb. “IVECO” və “Azteximport” ictimai nəqliyyat sektorunda tərəfdaşlığın gücləndirilməsinə dair anlaşma imzalayıb.
“SIMEST S.p.A.” ilə İtaliya-Azərbaycan Ticarət Palatasının sənədi iki ölkə arasında ticarət, investisiya və biznes əlaqələrinin möhkəmləndirilməsini nəzərdə tutur. “Nort West Construction” MMC ilə “FALORNI TECH S.R.L.” arasında isə Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə müqavilə bağlanıb. Bu sənədlər daxil olmaqla, ümumilikdə 7 sənəd mübadilə edilib.
Bundan başqa, Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də investisiya layihələrinin təşviqi barədə Anlaşma Memorandumu imzalayıb.