QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov elektroenergetika sahəsində fəaliyyətin səmərəliliyini araşdıracaq komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Komissiyaya energetika naziri Pərviz Şahbazov rəhbərlik edəcək.
Komissiya elektroenergetika sisteminin potensialını və infrastruktur imkanlarını, paralel iş rejiminin təşkilini, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsindəki vəziyyəti öyrənəcək. Həmçinin kiçik su elektrik stansiyalarının tikintisi və istismarının səmərəliliyi, “Azərenerji” və “Azərişıq” ASC-lərin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin effektivliyi qiymətləndiriləcək.
Komissiyanın üzvləri Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri, iqtisadiyyat və maliyyə nazirlərinin müavinləri, Dövlət Neft Şirkətinin prezidenti, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini və Baş nazirin köməkçisidir.
Tapşırığa əsasən, beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə araşdırmalar iki ay ərzində aparılmalıdır. İş zamanı ölkənin enerji təhlükəsizliyi də nəzərə alınmalı, ehtiyac yaranarsa, aidiyyəti dövlət qurumlarının mütəxəssisləri prosesə cəlb edilməlidir. Nəticələr və təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq.
“Azərenerji” və “Azərişıq” komissiyanın işinə dəstək verməli, tələb olunan məlumat və sənədləri təqdim etməlidir. Maliyyə Nazirliyinə isə sərəncamın icrası üçün zəruri tədbirləri görmək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.