QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, dövlət sektorunda struktur islahatları nəticəsində işini itirənlərin özəl sektorda məşğulluğu mümkün olsa da, bu proses bütün işçilər üçün eyni dərəcədə asan olmayacaq. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, uzun müddət dövlət qurumlarında çalışan bəzi şəxslərin özəl sektorun iş qaydalarına və tələb etdiyi bacarıqlara uyğunlaşması çətinlik yarada bilər.
Onun sözlərinə görə, xüsusən inzibati vəzifələrdə çalışmış, dövlət idarəçiliyi təcrübəsi olan şəxslərin özəl sektorda uyğun iş tapması vaxt tələb edə bilər. Eyni zamanda, özəl sektorun ixtisara düşən işçilərin hamısını qəbul etmək imkanı məhduddur. Yeni iş yerlərinin yaranması iqtisadi artımdan, sahibkarlıq fəallığından, investisiyalardan, daxili tələbatdan və biznes mühitindən asılıdır.
Akif Nəsirli qeyd edib ki, yeni müəssisələr yaradılmadığı və mövcud bizneslər böyümədiyi halda, dövlət sektorundan ayrılanların hamısının özəl sektorda işlə təmin olunacağını gözləmək olmaz. İşəgötürənlər əsasən konkret peşə bacarıqları, rəqəmsal biliklər və nəticəyönümlü çalışma qabiliyyəti axtarırlar.
Ekspert vurğulayıb ki, ixtisarlarla yeni iş yerlərinin yaradılması paralel getməlidir. Əks halda, islahatlar dövlət xərclərini azaltmağa və idarəetməni optimallaşdırmağa kömək etsə də, işsizliyin yüksəlməsi, əhalinin gəlirlərinin azalması və istehlak tələbinin zəifləməsi ilə nəticələnə bilər. Bu hallar ümumi iqtisadi fəallığa da mənfi təsir göstərər.
Nəsirlinin fikrincə, işini itirənlərin məşğulluğunu təmin etmək üçün əvvəlcə onların peşə bacarıqları qiymətləndirilməli, sonra əmək bazarının ehtiyaclarına uyğun təlimlərə cəlb olunmaları təmin edilməlidir. Dövlət Məşğulluq Agentliyi işəgötürənlərlə əlaqələri genişləndirməli, vakansiyalarla bağlı məlumatlandırmanı və işə yerləşdirmə mexanizmlərini gücləndirməlidir.
O, özəl müəssisələrdə ixtisara düşən şəxsləri işə götürənlərə müəyyən müddət üçün əməkhaqqı subsidiyası, vergi güzəşti və başqa stimullar verilməsini təklif edib. Xüsusi dəstəyin 50 yaşdan yuxarı, uzun illər dövlət sektorunda çalışmış və yeni peşə öyrənməkdə çətinlik çəkən şəxslərə yönəldilməsi vacib sayılır.
Ekspert kiçik və orta sahibkarlığın inkişafını, bölgələrdə istehsal və xidmət müəssisələrinin yaradılmasını da davamlı məşğulluq üçün önəmli hesab edir. Onun qənaətinə görə, daimi iş yerləri real iqtisadi fəaliyyət hesabına yaranmalıdır; struktur islahatlarının nəticəsi isə yalnız dövlət aparatının və büdcə xərclərinin azalması ilə deyil, ixtisara düşənlərin işə düzəlməsi, gəlirlərinin qorunması və iqtisadi fəaliyyətdə qalması ilə ölçülməlidir.