QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Xalq artisti Röya Ayxanın adından Amsterdamda saxta konsert elanları hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.
Röya Ayxan məsələ barədə sosial media hesabında məlumat verib. Afişalarda onun 30 yanvar 2027-ci ildə Niderlandın paytaxtındakı De Koning Saal-da səhnəyə çıxacağı yazılıb. Elanlarda müğənninin fotolarından istifadə edilib, bilet sifarişi üçün əlaqə nömrələri göstərilib.
Sənətçi bu elanların gerçək olmadığını vurğulayaraq, Amsterdam konsertlərinə razılıq vermədiyini və tədbirlərdə iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, afişaların rəsmi komandası ilə əlaqəsi yoxdur.
“Son günlər Amsterdamda mənim adımdan süni intellekt vasitəsilə hazırlanmış saxta konsert afişalarının yayıldığını və həmin afişalar üzərindən bilet satışının həyata keçirildiyini müşahidə edirəm.
Bildirirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Amsterdamda elan olunan bu konsertlərlə bağlı tərəfimdən heç bir razılıq verilməyib. Həmin tədbirlərdə iştirakım nəzərdə tutulmayıb və yayılan afişaların mənim rəsmi komandamla heç bir əlaqəsi yoxdur.
Xahiş edirəm, saxta elanlara inanmayın, bilet almayın və hər hansı ödəniş etməzdən əvvəl məlumatları rəsmi səhifələrim vasitəsilə dəqiqləşdirin.
Adımdan istifadə etməklə insanların etibarından sui-istifadə edilməsinə qarşı hər kəsi diqqətli olmağa çağırıram”, – deyə Röya Ayxan bildirib.
O, konsertləri barədə xəbərləri yalnız rəsmi səhifələrindən izləməyi və saxta elanlar üzrə ödəniş etməməyi xahiş edib.