QafqazNews Kommersant-a istinadən xəbər verir ki, İran ordusu ABŞ tərəfindən istifadə olunan Küveytdəki Ali əl-Salem aviabazasına pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib.

İRNA agentliyinin məlumatına görə, zərbələrin hədəfi aviabazada yerləşən ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri və raket qurğuları olub. İran tərəfi bazanın "regionda ABŞ-ın aqressiv ordusunun hərbi və logistika strategiyasında açar rol oynadığını" bildirib.

İranın ABŞ obyektlərinə zərbələri ikinci gündür davam edir. 17 noyabrda İnqilab Keşikçiləri Korpusu (İKK) PUA-larla Bəhreyndəki Şeyx İsa aviabazasındakı ABŞ radiolokasiya stansiyasını vurduğunu açıqlamışdı. İKK əməliyyatı İran hava məkanının ABŞ PUA-ları tərəfindən "davamlı pozulmasına" cavab hesab edib.

Keçən həftə İran hakimiyyəti Avropadakı ABŞ hərbi obyektlərinə raket zərbəsi vura biləcəyi ilə bağlı təhdidlər səsləndirmişdi.