QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndə ABŞ-yə məxsus erkən xəbərdarlıq radarının məhv edildiyini iddia edib. İran və ABŞ arasında qarşılıqlı hücumlar fonunda gərginlik yenidən yüksəlib.
Korpusun açıqlamasında radarın vurulmasının ABŞ-nin Hörmüzqan vilayətində yerləşən Sirik şəhərindəki rabitə qülləsinə endirdiyi zərbəyə cavab olduğu qeyd olunub.
Qurum bu addımı ABŞ-yə xəbərdarlıq adlandırıb. Hava məkanının pozulması və Hörmüz boğazında neft qaçaqmalçılığı hallarının yenidən baş verəcəyi təqdirdə əlavə zərbələr endirməyə hazır olduğunu bildirib.
İran tərəfinin bəyanatına görə, ABŞ-nin göstərişləri ilə hərəkət edərək sözügedən pozuntulara qoşulan şirkətlər daha sərt tədbirlərlə üzləşə bilər.
ABŞ ordusu və Bəhreyn rəsmiləri radarın vurulduğu iddiası ilə bağlı indiyədək açıqlama verməyiblər.