QafqazNews Manset.az-a istinadən xəbər verir ki, DSX-nin “Göytəpə” sərhəd dəstəsinin xidmət sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətinə uçan paratrike tipli aparat müşahidə olunub. Onun dövlət sərhədini qanunsuz keçdiyi müəyyən edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətinin məlumatına görə, kompleks əməliyyat və qoşun tədbirləri nəticəsində uçuş aparatı zərərsizləşdirilib. Aparatdan ümumilikdə 21 kiloqram 210 qram narkotik vasitə — 19 kiloqram 270 qram marixuana və 1 kiloqram 940 qram tiryək, eləcə də psixotrop tərkibli 4 000 ədəd M-40 metadon həbi götürülüb. Aparatı idarə edən İran vətəndaşı sərhəd pozucusu kimi saxlanılıb.

DSX qeyd edib ki, edilən təkrar xəbərdarlıqlara rəğmən, müxtəlif vaxtlarda uçuş vasitələri ilə Azərbaycan ərazisinə narkotik keçirilməsi halları baş verib. Qurum bu cür hərəkətləri dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı qanunsuz fəaliyyət kimi qiymətləndirir.

Xidmətin bildirdiyinə görə, sərhəddə qanunsuz əməllərin qarşısının alınması, bu məqsədlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə həmin fəaliyyətə qoşulan şəxslərin müəyyənləşdirilib saxlanılması üçün qanunvericiliyə uyğun tədbirlər davam etdiriləcək.