QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov 2027-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı ixracatçıların nəqliyyat xərclərinin 73 faizə qədərinin dövlət tərəfindən qarşılanacağını açıqlayıb.
Nazirin sözlərinə görə, bu il qeyri-neft-qaz ixracı 3,6 milyard ABŞ dollarına çatıb. İxracın 61 faizini sənaye məhsulları təşkil edib. İlin sonuna qədər göstəricinin 4,2 milyard dolları aşacağı proqnozlaşdırılır. Cabbarov bildirib ki, ixrac bazarlarını genişləndirmək məqsədilə İqtisadi Şurada razılaşdırılan yeni dəstək tədbirləri paketi bu il qəbul olunub və artıq tətbiq edilir.
Paketə əsasən, Bakı və Abşeron yarımadasından kənarda sahibkarlıq kreditləri üzrə faizlərin 50 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Kredit zəmanətləri üçün müəyyən edilmiş limit 20 faizdən 50 faizə yüksəldilib. Qeyri-neft-qaz özəl sektorunda çalışan sahibkarlıq subyektlərinin sosial sığorta haqlarının kompensasiya hesabındakı vəsaitlə ödənilməsinə də şərait yaradılıb.
Mikayıl Cabbarovun qeyd edib ki, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısını dövlət ödəyəcək. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin idxal gömrük rüsumlarının bir hissəsi də kompensasiya olunur.
Nazir gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal edilən məhsulların ən azı 50 faizinin ixracı şərti ilə onların daxili bazara gömrük rüsumu tutulmadan çıxarılmasının nəzərdə tutulduğunu bildirib. Bu il zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılır.