QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda kartdan-karta köçürmələr üçün tətbiq edilən hazırkı limitlərin əməliyyatların həcmini əhəmiyyətli dərəcədə azaltmadığı bildirilir. Ekspertlər nəzarətin sərtləşdirilməsi, o cümlədən bir şəxsin adına olan kartların sayının məhdudlaşdırılması təklifini irəli sürürlər.
Mərkəzi Bankın sədri Taleh Kazımovun açıqlamasına görə, bu köçürmələrin həcmi 2025-ci ildə 66 milyard manat olub, 2026-cı ilin avqustunadək isə 48 milyard manata çatıb. O bildirib ki, belə böyük məbləğləri yalnız vətəndaşların şəxsi köçürmələri ilə izah etmək mümkün deyil. Kazımov bəzi əməliyyatların vergidən yayınma, qanunsuz mərc oyunları və başqa qeyri-qanuni fəaliyyətlərlə bağlı olduğunu deyib.
Mövcud risklər nəzərə alınaraq bank sektorunda adi kartlara gün ərzində beş mədaxil əməliyyatı və ay ərzində 20 min manat həddi tətbiq edilib. Bu qaydalar fiziki şəxslərin fərdi kartlarına aiddir, VÖEN-lə əlaqələndirilmiş biznes kartlarına şamil olunmur.
İqtisadçı Xalid Kərimli hesab edir ki, pulun kartla və ya nağd şəkildə verilməsi onun iqtisadi mahiyyətini dəyişmir. Məsələn, bir şəxsin digərinə 100 manat nağd verməsi rəsmiləşdirilmədiyi kimi, kart köçürməsi də eyni qaydada rəsmiləşdirilmədən qala bilər. Əsas məsələ əməliyyatın mahiyyəti və vergi baxımından qeydiyyata alınmasıdır.
Kərimlinin sözlərinə görə, kartdan-karta köçürmələr banklar üçün ciddi gəlir mənbəyi deyil: müəyyən həddə qədər əməliyyatlar komissiyasız aparılır, limit keçildikdə isə xidmət haqqı tutulur. Hazırkı məhdudiyyətlərdən biri də şəxsi kartların sahibkarlıqda və vergidən yayınmaq üçün istifadəsinin qarşısını almaqdır. Qaydalara əsasən, adi debet və kredit kartına gündə beşdən çox mədaxil və ya ayda 20 min manatdan artıq vəsait daxil olması standart hal sayılmır. Vətəndaş əməliyyatlarının səbəbini banka əsaslandıra bilsə, limitlər götürülə bilər.
Ekspert qeyd edib ki, sahibkarlıqla məşğul olmayan şəxsin hesabına hər ay 20 min manatdan artıq pul daxil olması iqtisadi baxımdan izah tələb edir. O, qeyri-qanuni sahibkarlıqla yanaşı, qumar və mərc oyunlarını, onlayn kazinolarla əlaqəli köçürmələri də risklər sırasına daxil edib.
Kərimli düşünür ki, yeni qaydalar ümumi köçürmə dövriyyəsinin artımını cilovlaya bilər. Bununla belə, vergidən yayınmağa çalışanların müxtəlif banklarda hesab açması və başqa şəxslərin adına kartlardan istifadə etməsi mümkündür. Limitlər hər bank üzrə tətbiq olunduğuna görə, əməliyyatları banklar arasında bölmək olar. Lakin ekspert bu yanaşmanın da sonsuz davam edə bilməyəcəyini bildirib.
Bank məsələləri üzrə ekspert Emin Kərimov da köçürmələrin bu qədər artmasını arzuolunmaz sayır. Onun fikrincə, kartlardan istifadənin rahatlığı və nəzarətdəki boşluqlar bəzi, xüsusən də kiçik və orta biznes subyektlərinə vergidən yayınmaq imkanı verir.
Kərimov gündəlik əməliyyat sayına və aylıq məbləğə limit qoyulması ilə yanaşı, bir nəfərin adına verilən kartların sayının da tənzimlənməsini təklif edib. Müxtəlif banklardan, hətta yaxınlarının adından kart əldə etməklə mövcud hədləri aşmaq, eləcə də geniş filial şəbəkəsi olan bankların fərqli filiallarından çoxsaylı debet kartı sifariş etmək mümkündür. Buna görə, onun qənaətincə, yalnız əməliyyat sayına məhdudiyyət qoymaq yetərli olmaya bilər.
Ekspert hesab edir ki, şəxsin bütün banklardakı kartları üzrə əməliyyatlar vahid sistemdə toplanmalı, aylıq 20 min manatlıq hədd isə ümumi dövriyyə əsasında hesablanmalıdır. Limit keçilərsə, nəzarət tədbirləri görülməli və əməliyyatın xarakterinə uyğun olaraq vergi orqanları araşdırma aparmalıdır.
Kərimov sahibkarların alternativ ödəniş üsullarından istifadəsinin də genişləndirilməsini vacib sayır. Bu məqsədlə POS-terminalların, mobil POS və QR ödənişlərinin təşviqini, banklar və elektron pul təşkilatlarının maarifləndirmə fəaliyyətini gücləndirməsini təklif edib.