QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, dietoloq Tutu Zeynalova detoks suları barədə cəmiyyətdə yayılan bəzi fikirlərin elmi əsasının olmadığını bildirib. Onun sözlərinə görə, bu içkilər orqanizmi toksinlərdən təmizləmir, piyləri əritmir və maddələr mübadiləsini xüsusi şəkildə sürətləndirmir.

Zeynalova qeyd edib ki, bədəndə zərərli maddələrin xaric edilməsində əsas funksiyanı qaraciyər və böyrəklər yerinə yetirir. Suya qatılan limon, xiyar və nanənin isə ayrıca detoks təsiri yoxdur.

Dietoloq detoks sularının arıqlatmaq üçün piyləri parçaladığı iddiasının da yanlış olduğunu vurğulayıb. Heç bir qida və içki piyləri birbaşa əridə bilməz. Bununla yanaşı, həmin sular şəkərli və qazlı içkilərin yerinə seçilərsə, gündəlik qəbul edilən kalorinin azalmasına yardımçı ola bilər.

Meyvə və tərəvəzlərin tərkibindəki vitaminlərin hamısının suya keçməsi fikri də doğru deyil. Limon, xiyar və giləmeyvə suda saxlananda C vitamini də daxil olmaqla bəzi vitaminlər az miqdarda mayeyə keçə bilər. Lakin meyvənin özünü yemədikdə lif və digər mühüm qida maddələri qəbul olunmur.

Zeynalova maddələr mübadiləsinin detoks suları vasitəsilə sürətlənməsi barədə iddiaların yetərli elmi sübutlara söykənmədiyini də bildirib.

Onun sözlərinə görə, detoks suları özlüyündə zərərli sayılmır və adi su içməkdə çətinlik çəkənlərə maye qəbulunu artırmaqda kömək edə bilər. Ancaq onlardan arıqladıcı və ya müalicəvi möcüzə gözləmək doğru deyil.