QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, qan qrupunun virus infeksiyalarına qarşı müqaviməti müəyyən etməsi elmi araşdırmalarda birmənalı şəkildə təsdiqlənməyib. Mütəxəssislər immun sisteminin vəziyyətinin daha çox insanın həyat tərzi və ümumi sağlamlığı ilə əlaqəli olduğunu bildirirlər.

Grand Clinic klinikalar şəbəkəsinin təsisçisi və elmi rəhbəri, həkim Olqa Şuppo bu mövzuya münasibət bildirib. Onun qeyd etdiyinə görə, bəzi əvvəlki araşdırmalarda qan qrupu ilə immunoloji göstəricilər arasında statistik bağlılıq qeydə alınıb. Məsələn, müəyyən tədqiqatlarda IV qan qrupuna malik şəxslərdə interferon istehsalının daha fəal olduğu müşahidə edilib.

Şuppo I qan qrupuna sahib insanlarda bu reaksiyanın təxminən 80 faiz, III qan qrupunda isə 91 faiz hallarda qeydə alındığını deyib. II qan qrupuna malik şəxslərin 40 faizində interferon yaratmaq qabiliyyətinin aşağı olduğu müəyyənləşdirilib.

Bununla yanaşı, həkim qan qrupunu immunitetin gücünü təyin edən başlıca amil kimi qəbul etməyin düzgün olmadığını vurğulayıb. Onun sözlərinə görə, immun sisteminə genetika, ümumi sağlamlıq, həyat tərzi, qidalanma, stress və xroniki xəstəliklərin olub-olmaması təsir edir.

Həkim xəstəliklərin vaxtında aşkarlanması və profilaktikanın müasir tibbdə immunitetin qorunması baxımından daha əhəmiyyətli olduğunu əlavə edib. Qan qrupu ilə immunitet arasında ayrı-ayrı elmi müşahidələr olsa da, bu göstərici insanın viruslara qarşı davamlılığını müəyyənləşdirmək üçün yetərli hesab edilmir.