QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, yağlı və qatı ət şorbaları podaqra, öd daşı xəstəliyi və böyrək problemləri olan şəxslər üçün arzuolunmaz ola bilər.

Dietoloq Anastasiya Pantus bu barədə “Sputnik” radiosuna danışıb. O, xüsusilə qızardılmış məhsullarla hazırlanan, qaymaq və çoxlu xama qatılan yağlı bulyonlardan istifadə zamanı ehtiyatlı olmağı məsləhət görüb.

Mütəxəssis qeyd edib ki, bəzi xəstəliklərdə bu cür yeməklər səhhətin pisləşməsinə gətirib çıxara bilər. Əsas amil şorbanın özü deyil, onun tərkibidir.

Pantusun sözlərinə görə, əvvəlcə böyrək daşlarının növü müəyyən edilməlidir. Oksalat daşları zamanı ispanaq kimi oksalatla zəngin qidaları məhdudlaşdırmaq lazım gələ bilər. Urat daşlarında isə heyvan zülalının miqdarına və purin yükünə nəzarət vacibdir.

Dietoloq böyrək funksiyası ciddi pozulmuş insanlara da xüsusi diqqət göstərməyi tövsiyə edib. Onun bildirdiyinə görə, hazır şorbalar və duzlu konsentratlar bu şəxslər üçün uyğun sayılmaya bilər.

Həkim maye qəbulunu məhdudlaşdırıbsa, gün ərzində içilən mayenin ümumi miqdarına şorbanın həcmi də əlavə olunmalıdır.

Bununla yanaşı, əksər insanların ilk yeməkləri rasiondan tam çıxarmasına ehtiyac yoxdur. Pantus az miqdarda yağla bişirilən tərəvəz şorbalarının toxluq hissini artırdığını və çəkisinə nəzarət edənlər üçün münasib seçim olduğunu bildirib.

Yumşaq konsistensiyalı şorbalar stomatoloji müalicədən sonra və ya sağalma mərhələsində çeynəməkdə çətinlik çəkənlər üçün də əlverişli ola bilər.

Pantus sümük bulyonları barədə də danışıb. Sümüklər və birləşdirici toxumalar uzun müddət qaynadılanda kollagenin bir hissəsi jelatinə çevrilir və bulyon həmin maddələrin əlavə qida mənbəyi olur.