QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Polşanın Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Bürosu Krakovdakı silahlı hücumdan sonra beş nəfəri saxlayıb. Onların internetdəki fəaliyyəti mümkün təhlükə kimi qiymətləndirilib.

Polşa Daxili İşlər və İnzibati İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçkanın bildirdiyinə görə, saxlanılanlar noyabrın 7-dən 9-dək ölkənin müxtəlif ərazilərində keçirilən əməliyyatlar zamanı müəyyən edilib.

İstintaq materiallarında həmin şəxslərin Krakovda baş vermiş hücumu dəstəkləyən və tərifləyən paylaşımlar etdiyi qeyd olunur. Hüquq-mühafizə orqanları onların oxşar hücumları təkrarlaya biləcək şəxslər olması ehtimalını da nəzərdən keçirir.

Noyabrın 7-də Krakovun mərkəzi meydanında 24 yaşlı şəxs avtomobili insanların üzərinə sürüb, daha sonra atəş açıb. Nəticədə altı nəfər həyatını itirib, 16 nəfər yaralanıb. Polis hücum edən şəxsi yaralayaraq saxlayıb. O, noyabrın 9-da xəstəxanada vəfat edib.

Polşa polisi və xüsusi xidmət orqanları internetdə bənzər hücumlara çağırışları, eləcə də təhlükə yarada biləcək paylaşımları izləməkdə davam edir.