QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Liv Bona Dea” Hospital ilə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli arasındakı məhkəmə işi davam edir. Növbəti iclas sabah saat 10:00-da Nəsimi Rayon Məhkəməsində keçiriləcək.
Köçərli sosial şəbəkədə ünvanlanan sualları cavablandırarkən məhkəmə prosesi və xəstəxanada yaşadıqları barədə danışıb. Onun sözlərinə görə, yanvarın 14-də əməliyyat olunduğu klinikada anesteziya gecikib, ayılma otağında isə ona qarşı kobud davranılıb.
“Yara olan nahiyəyə qab çırpıldı. Təxminən iki saat yalvarıb, xahiş etdikdən və əlavə ödənişə təsdiq alandan sonra nəhayət, anesteziya verildi. Üstəlik, yoldaşıma altı saat ərzində mənim vəziyyətimlə bağlı aydın məlumat verilmədi. Palataya köçürüldükdən sonra dərhal baş tibb bacısı Miyase Pıçakçıya və administrasiya nümayəndəsinə şikayətimizi bildirdik. Araşdırıb bizə geri dönüş edəcəklərinə söz versələr də, klinikada qaldığım üç gün ərzində dəfələrlə müraciət etməyimə baxmayaraq, şikayətimizə baxılmadı. Klinikadan çıxdıqdan sonra yaşadıqlarımı və təəssüratlarımı paylaşdım. Nəticədə klinika məni məhkəməyə verdi və 223 000 AZN təzminat tələb edir”, – deyə o bildirib.
Köçərli klinikadan pul təzminatı istəmədiklərini, yalnız suallarının cavablandırılmasını və üzr istənilməsini gözlədiklərini vurğulayıb. O, məsələni qısa müddətdə yoluna qoymağın mümkün olduğunu, lakin bunun əvəzinə təhqir, aqressiya və hədə-qorxu ilə üzləşdiklərini deyib.
Onun sözlərinə görə, baş həkim Cabir Gülmalıyev Şahbaz bəylə telefon danışığında vəziyyəti izah etmək əvəzinə kobud üslubda danışıb. Köçərli məhkəmə prosesi boyunca klinikanın baş meneceri Taner Özbek və vəkilləri tərəfindən dəfələrlə təhqir edildiyini də qeyd edib.
Köçərlinin bildirdiyinə görə, məhkəmə klinikadan video qeydləri tələb etsə də, müəssisə əvvəlcə kameraların olmadığını, daha sonra isə görüntülərin silindiyini söyləyib. Taner Özbek videolara baxdığını, qeyri-adi hadisə görmədiyi üçün onları yaddaşda saxlamadığını bildirib. Köçərli həmçinin klinikanın məhkəməyə onun paylaşımında təsvir olunan hadisələrə aid olmayan məkanlardan çəkilmiş videolar təqdim etdiyini, vacib sənədlərin isə müəmmalı şəkildə itdiyini iddia edib.
O, hazırda əvvəlkindən yaxşı olduğunu və məhkəmə arasındakı fasilədə toparlanmağa imkan tapdığını bildirib. Bununla belə, yanvardan bəri yaşadığı ədalətsizliyi və ağrıları unutmağın çətin olduğunu deyib. Köçərlinin sözlərinə görə, əməliyyatdan sonrakı tikişin sağalmaması, psixoloji travma və güclü antidepressantlardan istifadə onun vəziyyətini ağırlaşdırıb. Məhkəmədə təhqir və təzyiqlərlə üzləşdiyini, şəxsi həyatının lağa qoyulduğunu, orada ona “yalançı” deyildiyini də söyləyib.
Köçərli qeyd edib ki, dərmanların təsirindən bəzən keyləşib, bəzi günlər evdən çıxmaq istəməyib və səhhətində əlavə problemlər yaranıb. Hazırda həmin problemlərin həlli üzərində çalışdığını, terapiyasının davam etdiyini bildirib.
Xatırladaq ki, Köçərli 2026-cı il yanvarın 14-də “Liv Bona Dea” Hospitalda əməliyyat olunduğunu, anesteziyanın gec verildiyini və tibbi personalın kobud rəftarının ona fiziki və mənəvi zərər vurduğunu iddia edir. O, xəstəxanada olduğu üç gün ərzində dəfələrlə şikayət etsə də, rəhbərliyin müraciətlərinə baxmadığını bildirib. Köçərlinin sosial şəbəkədə paylaşımından sonra hospital onun işgüzar nüfuzuna zərər vurulduğunu əsas gətirərək məhkəməyə müraciət edib və 222 000 manat təzminat tələb edib.