QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Media və Yayım Şurası din xadimlərinə dair yeni məhdudiyyət tətbiq edildiyi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Şuranın bəyanatında qeyd olunub ki, bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı əvvəllər olmayan məhdudiyyətin yer aldığı barədə yanlış məlumat yayıblar. Qurum qanunvericilik aktlarını nəzərə almayan bu təqdimatın ictimai rəyi çaşdırdığını bildirib.
Açıqlamada xatırladılıb ki, “Dini etiqad azadlığı haqqında” qanunun 4-1.3-cü maddəsi din xadimlərinin dövlət orqanlarında seçildikləri və ya təyin olunduqları müddətdə peşəkar dini fəaliyyətlərini dayandırmalarını nəzərdə tutur. Bu tələb qanunvericilikdə əvvəldən mövcud olub.
Şuranın məlumatına görə, Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi həmin qüvvədə olan hüquqi normaya əsaslanır və tələbi sistemləşdirir. Müddəa dini etiqad və ya təhsillə deyil, peşəkar dini fəaliyyət göstərən şəxslərin statusu ilə bağlıdır. Şura bunun dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim olunmasının qanunun mahiyyətini təhrif etdiyini vurğulayıb.
Media və Yayım Şurası hüquqi aktlarla bağlı məlumat paylaşarkən rəsmi mənbələrdən istifadə etməyə, normaları əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli təhlil etməyə və ictimaiyyətə dəqiq, təsdiqlənmiş informasiya çatdırmağa çağırıb.