QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclis 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəddə gəlirlər 39 milyard 254 milyon manat, xərclər isə 42 milyard 400 milyon manat həcmində nəzərdə tutulur.

Layihə parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Büdcə gəlirlərinin 38 milyard 518 milyon 425 min manatının mərkəzləşdirilmiş, 735 milyon 575 min manatının yerli gəlirlərdən formalaşması planlaşdırılır. Xərclərin bölgüsündə isə 41 milyard 664 milyon 425 min manat mərkəzləşdirilmiş, 735 milyon 575 min manat yerli xərclər üçün nəzərdə tutulub.

Gəlirlərin əsas hissəsini əlavə dəyər vergisindən daxilolmalar — 9 milyard 386 milyon manat, hüquqi şəxslərin mənfəət vergisi — 6 milyard 983 milyon manat, fiziki şəxslərin gəlir vergisi — 3 milyard 70 milyon manat, aksizlər — 1 milyard 909 milyon manat və gömrük rüsumları — 1 milyard 867 milyon manat təşkil edəcək.

Dövlət Neft Fondundan büdcəyə köçürüləcək transfertin yuxarı həddi 11 milyard 900 milyon manat müəyyənləşdirilib.

Funksional istiqamətlər üzrə ən böyük məbləğ iqtisadi fəaliyyətə ayrılır: 8 milyard 907,3 milyon manat. Müdafiə və milli təhlükəsizlik üçün 8 milyard 816,4 milyon manat, ümumi dövlət xidmətlərinə 5 milyard 521,8 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və təminata isə 4 milyard 914 milyon manat nəzərdə tutulub.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinin maliyyələşdirilməsinə 3 milyard 438,6 milyon manat ayrılması planlaşdırılır. Səhiyyə üçün 2 milyard 84,1 milyon, kənd təsərrüfatı üçün 1 milyard 379,5 milyon, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə isə 643 milyon manat nəzərdə tutulur.

Dövlət borcuna xidmət xərcləri 2 milyard 200 milyon manat olacaq. Bu məbləğin 772,5 milyon manatı daxili, 1 milyard 427,5 milyon manatı xarici dövlət borcu üzrə ödənişlərə yönəldiləcək.

Layihədə büdcə kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat göstərilib. Dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri üçün 5 milyard 300 milyon manat ayrılması nəzərdə tutulur.

Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.