QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa ölkələrini Cənubi Qafqazda Rusiyanın nüfuzunun genişlənməsinin qarşısını almaq üçün Ermənistan və Azərbaycanla münasibətləri fəallaşdırmağa səsləyib.

Regiona səfərindən əvvəl danışan nazir Avropanın bu məsələdə daha fəal mövqe tutmasının vacibliyini bildirib. Rusiyanın təsirinin mümkün nəticələrinə nümunə olaraq Ukraynanı göstərib.

Vadeful səfərinin əsas hədəflərindən birinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına yardım etmək olduğunu deyib. Onun sözlərinə görə, tərəflər mətninin böyük hissəsi razılaşdırılmış sənədi qəbul etməyə hazırdır.

Almaniya XİN rəhbəri Bakı ilə iqtisadi əlaqələrin inkişafını qeyd edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna da toxunub.

“Biz Azərbaycandan etibarlı şəkildə qaz və neft alırıq. Bu, həm Almaniyaya, həm də digər Avropa ölkələrinə aiddir”, – Vadeful bildirib.

Nazir Avropanın ayrı-ayrı ölkələrdən enerji asılılığını azaltmaq məqsədilə resurs tədarükçülərinin sayını artırmalı olduğunu vurğulayıb.