QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycana səfər edəcək. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirin Azərbaycana səfəri onun Almaniyanın xarici işlər naziri kimi ölkəmizə ilk gəlişi olacaq.
Vadeful bildirib: “Xarici işlər naziri kimi ilk dəfə olaraq gərginliyin azaldılması və sülh yolu ilə atılacaq addımları necə dəstəkləyə biləcəyimizi müzakirə etmək üçün Bakı və İrəvana səfər edirəm”.
Səfərin məqsədlərindən biri Azərbaycanla ikitərəfli münasibətləri daha da inkişaf etdirməkdir.
Nazirin sözlərinə görə, Almaniya ötən il Ermənistan və Azərbaycanla əlaqələrini yeni strateji çərçivəyə keçirib. Berlin indi hər iki ölkə ilə razılaşdırılmış strateji gündəliyi konkret layihələr vasitəsilə reallaşdırmaq niyyətindədir.
Vadeful Cənubi Qafqazı Avropa ilə Asiya arasında tarixi qovşaq kimi xarakterizə edib. Onun sözlərinə görə, regionun bu mövqeyi ticarət, enerji əməkdaşlığı və yeni nəqliyyat bağlantıları baxımından geniş imkanlar yaradır. Nazir əlavə edib ki, davamlı sülh və sərhədlərin açıq olması həm region xalqlarına, həm də Avropanın qonşuluğunda təhlükəsizlik və sabitliyə xidmət edəcək.