QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Xalq artisti Məleykə Əsədova qızı Gülərin magistratura təhsili almaq üçün Çinə yollanmasından sonra ayrılığın ağır keçdiyini bildirib.

Sənətçi “Qonaqcanlı” verilişində danışarkən qızına təhsilini yarımçıq saxlayıb geri qayıtmağı təklif etdiyini də açıqlayıb. O, universitetə qəbul zamanı Gülərə magistraturanı xaricdə oxuyacağına söz verdiyini və verdiyi vədin arxasında dayandığını deyib. Əsədovanın sözlərinə görə, uşaqlara yerinə yetirilməyəcək vədlər vermək olmaz.

Xalq artisti bildirib ki, Çinə getmək qərarı çətin olsa da, onu qızından ayrı qalmaq istəməməsi daha çox üzürdü. Ayrılarkən Gülərin ağladığını, özünün də göz yaşlarına hakim ola bilmədiyini deyən Əsədova bunun ilk dəfə uzun müddət ayrı qalacaqları hal olduğunu vurğulayıb.

“Qızım, hər şeyi qoy, qayıdaq”, – deyə qızına müraciət etdiyini söyləyən sənətçi, bütün məsələlərin artıq həll olunduğunu qeyd edib. Gülər isə anasına “Yox, nə danışırsan? Mən oxumalıyam, zəif qız deyiləm axı” cavabını verib.