QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Qalatasaray”ın seneqallı futbolçusu İsmail Jakobsla “Fənərbağça”nın rusiyalı voleybolçusu Arina Fedorovtsevanın münasibətdə olduğu barədə iddia yayılıb. Bildirilir ki, onlar İstanbulun Etiler bölgəsindəki gecə klublarından birində görüşüblər və jurnalistləri gördükdən sonra məkanı ayrı-ayrı çıxışlardan tərk ediblər.

Məlumatda hadisənin “Qalatasaray” UEFA Çempionlar Liqasının IV turunda “Ştutqart”a 2:0 hesabı ilə qalib gəldikdən sonra baş verdiyi qeyd olunur. Oyundan sonra komandanın futbolçuları Lukas Torreyra və İsmail Jakobs Etilerdəki lüks gecə klublarından birinə gediblər.

Klubun qarşısında gözləyən fotoqraflar futbolçuların çıxışını lentə alıblar. Torreyra ağ köynək və qəhvəyi şalvar, Jakobs isə ağ üst geyim və kamuflyaj naxışlı şalvar geyinib. Onlar jurnalistlərin suallarına cavab vermədən avtomobillərinə minib. Torreyra həmin görüntüləri sonradan İnstaqram hesabında da paylaşıb.

“Sözcü”nün məlumatına əsasən, Jakobs gecə klubunda Fedorovtseva ilə də görüşüb. İddialarda onların gecəni birlikdə keçirdiyi, bəzi nəşrlərdə isə bir müddətdir münasibətdə olduqları bildirilir.

Jurnalistlərin klubun girişində gözlədiyini görən Fedorovtsevanın diqqət çəkməmək üçün başqa çıxışdan istifadə etdiyi deyilir. Jakobs və Torreyra əsas qapıdan ayrılıb, rusiyalı voleybolçunun isə digər qapıdan çıxdığı iddia olunur. Fedorovtsevanın məkandan çıxmasını göstərən görüntü hələ yayılmayıb.

İsmail Jakobs 2024-cü ilin yayında “Monako”dan “Qalatasaray”a transfer olunub. Arina Fedorovtseva “Fənərbağça Medicana”da çıxış edir.

Fedorovtsevanın şəxsi həyatı bundan əvvəl də Türkiyə mediasında gündəmə gəlib. O, vaxtilə “Eyüpspor”un qapıçısı Berke Özərin oyununu tribunadan izləyib və bu, münasibət iddialarına yol açıb.

İsmail Jakobs və Arina Fedorovtseva hazırkı iddialarla bağlı açıqlama verməyiblər. Məlumatların tərəflər tərəfindən təsdiqlənmədiyi vurğulanır.