QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turan səkkiz ildir davam edən evlilikləri və münasibətlərinin əvvəlki dövrləri barədə danışıb. O, fikir ayrılıqları ilə qarşılıqlı inadın ailə həyatına fərqli çalar verdiyini bildirib.

Aslıhan Doğan Turan açıqlamalarını “A Para Eğlence” kanalının proqramında səsləndirib. 2018-ci ildə ailə quran və iki övladı olan cütlük barədə danışan Aslıhan, əvvəl yaşadıqları ayrılıqların bir-birlərinin dəyərini daha yaxşı anlamalarına şərait yaratdığını qeyd edib.

“Bir-birimizdən uzaq olduğumuz vaxtlarda qarşı tərəfin qədrini daha yaxşı bilirdik”, – deyə o söyləyib.

Aslıhanın fikrincə, münasibətin həmişə sakit keçməsi mütləq müsbət hal deyil. O, Arda Turanla bağlı bir xatirəsini də bölüşüb: bir dəfə onun evə girməsinə mane olub və binanın mühafizəsinə zəng edərək Ardanın içəri buraxılmamasını istəyib.

“Qapını açmırdım. Binanın mühafizəsinə zəng vurub Ardanın içəri keçməməli olduğunu demişdim. Bu cür hallar olmasaydı, bəlkə də münasibətimiz evliliklə nəticələnməzdi. Hər şeyin həddən artıq sakit olması yaxşı deyil, bəzən mübahisə də lazımdır”, – deyə Aslıhan bildirib.

İki övladlarının dünyaya gəlməsinin ailə bağlarını daha da gücləndirdiyini deyən Aslıhan Doğan Turan, indiki həyatından məmnun olduğunu vurğulayıb.

“Çox şükür, evimdə rahatlıq və xoşbəxtlik var”, – deyə o əlavə edib.