QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Süni Mayalanma Mərkəzində çalışan 9 nəfərə təxminən 11 aydır əməkhaqları tam ödənilmir. İşçilər bununla bağlı şikayət ediblər.

Əməkdaşlar aidiyyəti qurumların vəziyyəti araşdırmasını və gecikmiş ödənişlərin verilməsini tələb edirlər. İş yerlərini itirməkdən narahat olduqları üçün kamera qarşısında danışmağa razılaşmayıblar. Onların bildirdiyinə görə, uzun müddət davam edən maaş gecikmələri ailə büdcələrinə mənfi təsir edir və gündəlik tələbatı qarşılamağı çətinləşdirir.

Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, mərkəzin fəaliyyəti və saxlanma xərcləri əsasən törədici buğalardan götürülən toxumların satışından əldə olunan gəlirlə təmin edilir. Nazirliyin məlumatına əsasən, həmin vəsait hesabına maaşlar sentyabr ayınadək ödənib. Qalan məbləğin və digər aylar üzrə əməkhaqlarının yaxın müddətdə verilməsi üçün iş aparılır.

Nazirlik gecikmələri mərkəzin təsərrüfat hesabı prinsipi ilə işləməsi ilə əlaqələndirib: əməkhaqları və başqa xərclər əsasən satış gəlirlərindən asılıdır.

Süni Mayalanma Mərkəzinin yaradılması və tikintisi üçün 2019-cu ildə dövlət büdcəsindən 4,8 milyon manat ayrılıb.